Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş “Suverenlik fəlsəfəsi” mövzusunda Respublika elmi konfransı baş tutmuşdur

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5

11 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş “Suverenlik fəlsəfəsi” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.

Konfransdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin  Akademiyadakı büstünü ziyarət edərək onun xatirəsini ehtiramla yad etmişlər.

Konfrans plenar iclasla işinə başlamışdır. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Konfransın açılışında çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətləri barədə danışmışdır. Rektor qeyd etmişdir ki, Azərbaycan dövlətinin xilaskarı olan Heydər Əliyev bütün həyatını xalqın müstəqilliyinə, ölkənin sabitliyi və tərəqqisinə həsr etmişdir.

Rektor vurğulamışdır ki, suverenlik fəlsəfəsi mövzusu təsadüfi seçilməmişdir. Heydər Əliyevin dövlətçilik konsepsiyası, suverenlik ideyaları və hüquqi dövlət quruculuğu prinsipləri müasir Azərbaycanın ideoloji, siyasi və iqtisadi təməllərini formalaşdırmışdır. Məhz Ümummilli Liderin rəhbərliyi ilə atılan fundamental addımlar nəticəsində Azərbaycan qısa müddətdə dağılmaq təhlükəsindən xilas olaraq sabit, güclü və müstəqil dövlətə çevrilmişdir.

Rektor həmçinin qeyd etmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və praqmatik siyasət nəticəsində bu strateji kurs daha da güclənmiş, Azərbaycan regionun lider dövləti, 44 günlük Vətən müharibəsinin qalibi kimi beynəlxalq arenada nüfuzunu artırmışdır.

Konfrans çərçivəsində dövlətçilik fəlsəfəsi, suverenlik, hüquqi və ideoloji əsaslar üzrə geniş məruzələr təqdim edilmişdir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  Komitəsinin sədri,  DİA -nın İqtisadiyyatın Dövlət tənzimlənməsi kafedrasının müdiri, dosent  Azər Əmiraslanov “Azərbaycanın dövlət suverenliyinin iqtisadi əsaslarının yaradılması Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda çıxış etmişdir. O, 1990 -cı illərin əvvəllərində gərgin iqtisadi vəziyyət fonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gələrək Azərbaycanı xilas etməsi, apardığı iqtisadi islahalatlar və hazırda ölkəmizin iqtisadi göstəriciləri,  aparılan iqtisadi siyasət haqqında danışmışdır.

Milli Məclisin deputatı, DİA-nın “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri, professor Hikmət Babaoğlu
“Azərbaycanın dövlət suverenliyinin siyasi əsasları” mövzusunda çıxış edərək Ulu Öndərin siyasi islahatları, dövlət quruculuğu və hakimiyyət institutlarının formalaşması  istiqamətində atdığı addımları və müasir Azərbaycan Respublikasının daxili və xarici siyasət aspektləri haqqında çıxış etmişdir.

DİA “Hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev
“Azərbaycan Respublikasının Konstitusiyası: suverenlik manifesti” mövzusunda çıxış edərək 1995-ci ildə Konstitusiyasının qəbulu, hüquqi dövlət quruculuğunun əsas mərhələləri və konstitusiya islahatlarının əhəmiyyətindən bəhs etmişdir.

DİA “Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Azərbaycan dövlətçiliyində modernləşmənin tarixi-ideoloji əsasları” mövzusunda məruzə edərək qədim dövrlərdən başlayaraq müasir dövrə qədər dövlətçilik ənənələrinin inkişafı, modernləşmə prosesləri barədə elmi mülahizələrini təqdim etmişdir.

Plenar iclasdan sonra konfrans iki bölmə üzrə işini davam etdirmişdir. Birinci panel DİA-nın I prorektoru Əlikram Abdullayevin moderatorluğu ilə keçirilmiş, “Fəlsəfə və sosial psixologiya” kafedrasının müəllimləri mövzuya dair elmi çıxışlar etmişlər.  İkinci panel siyasi elmlər doktoru, professor Sevil Məmmədovanın sədrliyi ilə təşkil olunmuş, burada DİA Tələbə Elmi Cəmiyyətinin üzvləri öz tədqiqatlarını təqdim etmişlər.

Konfransın sonunda ümumi müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmış və tədbir ümumi xatirə fotosu ilə yekunlaşmışdır.