Tələbələrlə effektiv kommunikasiyanın qurulması” mövzusunda təlim keçirilmişdir
1 dekabr 2025-ci il tarixində “Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi”nin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişaf” kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ülfət Mehdiyev tərəfindən “Tələbələrlə effektiv kommunikasiyanın qurulması” mövzusunda təlim keçirilmişdir. Ülfət Mehdiyev bildirdi ki, müəllim dərs zamanı fikirlərini sadə və anlaşılan şəkildə ifadə etməlidir. Müəllim tələbə üçün dərsdə açıq və səmimi mühit yaratmalıdır. Həmçinin bildirdi ki, Akademiya tələbələri artıq yetkin şəxslərdir. onlarla münasibət həm akademik, həm də əməkdaşlıq xarakterli olmalıdır. Müəllim tələbənin fərdi fikrinə dəyər verdiyini göstərməlidir, nəyi başa düşdüyünü, nədə çətinlik çəkdiyini müəyyənləşdirməyi bacarmalıdır lazım olanda yönləndirici suallar verməlidir, interaktiv tapşırıqlar, diskussiya, qısa sorğularla tələbələrin kommunikasiya bacarıqlarını artırmalıdır. Onlayn platformalardan istifadə etməlidir. Dərsə dair gözləntilər aydın şəkildə izah olunmalıdır ki, tələbə dərsin sonunda nə öyrənəcəyini bilsin. Tənqid edərkən tələbəni deyil, işini qiymətləndirməlidir. Müəllim tələbələrin fikirlərinə müdaxilə etməməli, sadəcə yönləndirici şəxs olmalıdır. Tələbələrin şəxsi və akademik çətinliklərini anlamağa çalışmalı, tələbəni öz öyrənmə prosesinin fəal iştirakçısına çevirməlidir.
Təlimdə müxtəlif kafedraların əməkdaşları və tələbələr də iştirak etmişdir. İnteraktiv müzakirələr şəklində keçən təlimin sonunda tələbələrin sualları cavablandırılmışdır.