Naxçıvan Muxtar Respublikasının dövlət qulluqçuları üçün təlim keçirilmişdir
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) həvalə edilmiş tədbirlərin icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün “Vətəndaş müraciətlərinə baxılması və müraciətlərlə əlaqədar kargüzarlığın aparılmasının xarakterik cəhətləri” mövzusunda təlim keçirilmişdir.
Təlim DİA-nın “Hüquq” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Seyfulla Aslanov tərəfindən təqdim olunmuşdur. Təlimçi öz çıxışında vətəndaş müraciətlərinə baxılması prosesinin dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və operativliyin təmin edilməsində mühüm rol oynadığını vurğulamışdır.
Təlim müddətində iştirakçılara müraciətlərin qəbulu və icrasına dair hüquqi tələblər, müraciətlərin təsnifatı, sənəd dövriyyəsinin düzgün təşkili, icra intizamının təmin olunması, cavabların hazırlanması və rəsmiləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilmişdir. Bununla yanaşı, müraciətlərə baxılma prosesində etik davranış normaları, vətəndaş məmnuniyyətinin artırılması, elektron müraciətlərin idarə edilməsi və kargüzarlığın müasir standartlara uyğun təşkili kimi mövzular geniş şəkildə şərh olunmuşdur.
Təlim interaktiv müzakirələr şəraitində keçirilmiş, iştirakçılar müraciətlərlə bağlı praktiki halların həlli, institusional çətinliklərin aradan qaldırılması və sənəd dövriyyəsinin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparmışlar.
Təlimin sonunda qeyd edilmişdir ki, vətəndaş müraciətlərinə operativ və obyektiv baxılması dövlət idarəçiliyində peşəkarlığın, şəffaflığın və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasının əsas şərtlərindən biridir.