“Könüllülük proqramı”nın açılış tədbiri baş tutdu

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5 thumb 6 thumb 7 thumb 8 thumb 9 thumb 10 thumb 11 thumb 12

Azərbaycan Respubliaksının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Könüllülük proqramı”nın açılış tədbiri keçirilmişdir. Qeyd edilmişdir ki, DİA Könüllüləri proqramının əsas məqsədi elmi-praktiki, mədəni tədbirlərin təşkilinə töhfə vermək, həmçinin dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində könüllü mübadilə proqramları həyata keçirməkdən ibarətdir.

Rektor, akademik Urxan Ələkbərov çıxışında vurğuladı ki, könüllülük hərəkatı müasir cəmiyyətlərdə həm sosial həmrəyliyin gücləndirilməsində, həm də vətəndaşların fəal mövqeyinin formalaşdırılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan gənclərinin ictimai proseslərdə aktiv iştirakının təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və Azərbaycan Respublikasının Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası bu siyasətin həyata keçirilməsinə töhfə verən aparıcı təhsil müəssisələrindən biri olaraq üzərinə düşən missiyanı ardıcıl şəkildə yerinə yetirir.

Rektor qeyd etdi ki, könüllü fəaliyyət təkcə fərdi inkişaf üçün deyil, həm də cəmiyyətin institusional gücünün artması üçün strateji əhəmiyyət daşıyır. Bu fəaliyyət gənclərdə liderlik, komandada işləmək, məsuliyyət daşımaq, təşəbbüskarlıq kimi mühüm kompetensiyaların formalaşmasına şərait yaradır. “Könüllülər cəmiyyətin ən dinamik hissəsini təşkil edir və onların sosial layihələrə cəlb edilməsi həm dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında etimad mühitini gücləndirir, həm də yeni idarəetmə mədəniyyətinin formalaşmasına töhfə verir,” – deyə akademik Ələkbərov bildirdi.

O əlavə etdi ki, DİA Könüllülük Proqramı çərçivəsində tələbələrin dövlət qurumları ilə birgə müxtəlif sosial, elmi-praktiki və mədəni layihələrdə iştirakı onların praktiki bilik və bacarıqlarını artıracaq, eyni zamanda gələcək karyeraları üçün dəyərli təcrübə qazanmağa imkan verəcək. Proqramın qarşısında duran əsas vəzifələrdən biri də könüllülüyün davamlı və sistemli şəkildə təşkili, könüllülərin potensialının üzə çıxarılması və onların dövlət idarəçiliyi sahəsinə inteqrasiyasına dəstək verməkdir.

Tədbir zamanı DİA-nın Məzunlarla iş sektorunun müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Şükürov, Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin baş mütəxəssisi Murad Həsənxanlı, Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin mütəxəssisi Gülputa Şirinova, DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə və rəsmi qonaqlar, “Qırmızı Ürəklər Fondu”nun Himayəçilik Şurasının üzvü Günay Məsimova, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İnsan resursları, daxili nəzarət, sənədlərlə və vətəndaşlarla iş departamentinin müdiri Miraqil Seyidzadə, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Cavad Cavadlı, “İslahat Könüllüləri” layihəsinin rəhbəri Nailə Cəfərova, Vəkillər Kollegiyasının “Femida Könüllüləri” Təşkilatının sədri Salman Vahabov könüllük fəaliyyətinin həyata keçirilməsi və əhəmiyyəti haqqında öz təcrübələrini bölüşmüşlər. Eyni zamanda bir qrup gənc könüllülük proqramının gənclər üçün əhəmiyyəti haqqında fikir mübadiləsi aparmışdır.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılmış və xatirə fotosu çəkilmişdir