İcra hakimiyyəti şöbələrinin rəhbərləri üçün təşkil olunmuş təlim proqramına yekun vuruldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 dekabr 2014-cü il tarixli 387 nömrəli və 15 may 2025-ci il tarixli 394 nömrəli Fərmanlarına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına müvafiq təlimlərin təşkili həvalə olunub. Bu çərçivədə icra hakimiyyəti orqanlarının “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” və “İctimai-siyasi və humanitar məsələlər” şöbələrinin rəhbərləri üçün Akademiyada üç aylıq təlim proqramı keçirilmişdir.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tərəfindən təqdim olunan “Dövlət idarəçiliyində inkişaf göstəriciləri və onların ölçülməsi” adlı təlim proqramı ərzində iştirakçılar iqtisadi vəziyyətin ölçülməsi və təhlili, gəlirlərin müəyyənləşdirilməsi və bölüşdürülməsi, əhalinin və təsərrüfatlarının gəlir indikatorları, yoxsulluq və insan inkişafı göstəriciləri, demoqrafik siyasətin idarəetmə prosesinə təsiri, davamlı inkişafın idarə olunması, idarəetmə texnologiyaları və liderlik kimi sahələr üzrə nəzəri biliklər və praktiki bacarıqlar əldə etmişlər. Həmçinin sosial müəssisələr və sosial layihə modelləri üzrə müzakirələr aparılmışdır.
Təlim proqramı 16 dekabr 2025-ci il tarixində Dövlət İdarəçilik Akademiyasında yekun qiymətləndirmə əsasında sertifikatların təqdim edilməsi ilə tamamlanmışdır.