Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5 thumb 6 thumb 7

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə əvvəlcə şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
  Konfransı Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq, 1992-ci il fevral ayının 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüz törətdiklərini qeyd etdi. Rektor, bu tarixi hər bir vətəndaşın xüsusilə gənclərin bilməsini tövsiyə edərək, eyni zamanda bu hadisələri Azərbaycanın Respublikasının ərazi bütövlüyü yolunda, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini bildirdi. U.Ələkbərov Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalıda baş verənlərə ilk dəfə olaraq siyasi – hüquqi qiymət verildiyini, bu hadisənin soyqırım aktı kimi təsbit olduğunu vurğuladı.  O, ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin artıq beynəlxalq ictimaiyyət tərəfindən tanındığını vurğulayaraq erməni şovinizminin ifşa olunduğunu qeyd etdi. Rektor 44 günlük müharibə və antiterror tədbirlərindən sonra Qarabağda əli qana bulaşmış şəxslərin cəzalanacaqlarına şübhəsinin olmadığını vurğulayaraq suverenliyin bərpasından sonra bölgədəki quruculuq işlərindən bəhs etdi. “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə ərzində parlaq qələbəyə imza atdı. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı. Artıq həmin torpaqlarda Azərbaycan dövlətinin suverenliyi təmin olunub. Bu vacib tarixi nyüansları gənclər yaxşı bilməlidirlər”.
Daha sonra tədbir çıxışlar formasında davam edib. Tarix kafedrasının professoru Havva Məmmədova Xocalı şəhərinin yüzlərlə əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qalmasından bəhs edərək, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsi, qocalar, qadınlar, uşaqlar, hətta körpələrin ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilməsi, əhalinin əksəriyyətinin girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərini xatırlatdı. “Bu gün Xocalıda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağının dalğalanması qəlbimizi qürur hissi ilə doldurur”, – deyə Havva Məmmədova əlavə edib.
“Qarabağ irsinin araşdırılması mərkəzi”nin rəhbəri, Beynəlxalq münasibətlər kafedrasının professoru Elçin Əhmədov Xocalı soyqırımından 33 il ötsə də, onun ağrı- acılarının qəlbimizdə yaşadığını qeyd edərək, ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının yaddaşlardan silinməyəcəyini və bir gecədə məhv edilmiş Xocalı şəhərinin adının Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkildiyini vurğuladı. “Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. Xocalı faciəsi isə 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olub. Bu dəhşətli soyqırım dünyanın gözü qarşısında baş verib, qəddarlığı və amansızlığı ilə fərqlənib”.
Digər çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində Zəfər qazanmaqla düşmənə dərs verdiyini vurğulayıblar. Xatırladılıb ki, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olunub. Bütün keçmiş məcburi köçkünlər kimi, xocalılılar da artıq evlərinə qayıtmaqdadırlar.