DİA və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” mövzusunda onlayn təlim keçirilib

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5

14 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə Şəhərsalma və Memarlıq ili çərçivəsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçularının rəqəmsal savadlılığının və idarəetmədə müasir texnologiyaların tətbiqi üzrə kompetensiyalarının gücləndirilməsi məqsədilə “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” mövzusunda onlayn təlim keçirilib.

Təlimin açılışında DİA-nın Elm və beynəlxalq əlaqələr üzrə prorektoru Elvin Əzizbəyov rəqəmsal dövlət idarəçiliyinin əsas istiqamətləri, dövlət xidmətlərində innovasiya və rəqəmsal həllərin tətbiqi, e-xidmətlər (e-Services), açıq verilənlər (Open Data), böyükhəcmli verilənlər (Big Data), hökumət buludu (G-Cloud), Blockchain texnologiyaları, “Ağıllı şəhər” (Smart City), “Ağıllı kənd” (Smart Village) və “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) kimi müasir təşəbbüslər barədə geniş təqdimatla çıxış etmişdir.

Təlimçi həmçinin internetdən təhlükəsiz istifadə, kiber təhlükəsizlik (Cyber Security), sosial mühəndislik (Social Engineering), kiber gigiyena (Cyber Hygiene), zərərli proqramlar (Malware) və qoruyucu divar (Firewall) kimi aktual mövzular üzrə praktiki tövsiyələr təqdim etmişdir.

Təlim çərçivəsində İntellektual sistemlərin idarə olunması kafedrasının dosenti Gülnar Mirzəyeva “Dövlət idarəçiliyində Big Data (Böyük həcmli verilənlər)” mövzusunda, dosent Hilalə Cəfərova isə “Dövlət idarəçiliyində AI (Süni intellekt)” mövzusunda müasir tendensiyalar, tətbiq sahələri və beynəlxalq təcrübə barədə iştirakçılara məlumat vermişdir.

Təlim iştirakçıları rəqəmsal transformasiyanın dövlət idarəçiliyində effektivlik, şəffaflıq və vətəndaş məmnunluğunun artırılmasında oynadığı rolu yüksək qiymətləndirmiş, proqram Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçularının rəqəmsal kompetensiyalarının gücləndirilməsi istiqamətində növbəti uğurlu təşəbbüs kimi dəyərləndirilmişdir.