DİA-da “NotebookLM platforması” haqqında təlim keçirilmişdir

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5 thumb 6

14 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi”nin təşkilatçılığı ilə Dövlət İdarəçilik Akademiyasında növbəti təlim olaraq tədrisdə innovativ və rəqəmsal metodların tətbiqi həmçinin tədris prosesinin keyfiyyətinin artırılması və effektivliyi məqsədilə təhsil, tədqiqat və peşəkar inkişaf üçün yeni nəsil bilik aləti olan NotebookLM platforması haqqında təlim keçirilmişdir. Təlimdə müxtəlif kafedra əməkdaşları və müəllimlər iştirak etmişlər. Təlimdə qeyd edilmişdir ki, bu platforma müəllimlər, tədqiqatçılar və şagirdlər üçün pedaqoji effektivliyin keyfiyyətcə yeni səviyyəsini yaradır, materialların hazırlanması ilə əlaqəli gündəlik iş yükünü azaldır və metodoloji fəaliyyət və elmi tədqiqat üçün vaxt ayırır. Qeyd edilmişdir ki, NotebookLM platforması vasitəsilə müxtəlif məqalələri, istifadəçi tərəfindən yüklənilən sənədləri (pdf, Google Docs, məqalələr və s.) müqayisəli analiz etmək, audio, video, vizual və interaktiv sənədlər hazırlamaq, uzun mətnlərin qısa xülasəsini çıxarmaq, testlər hazırlamaq, etibarlı məlumatlar əldə etmək, tələbələr üçün dərs qeydləri hazırlamaq, hesabatlar, referatlar, layihə sənədləri və texniki materiallarla işləməyi sürətləndirmək, təcrübə sənədlərindən CV və motivasiya məktubu formalaşdırmaq mümkündür. Qeyd edilmişdir ki, NotebookLM platforması müəllimi əvəz etmir sadəcə olaraq müəllimin analitik və pedaqoji gücünü artıran bir vasitədir. Təlim zamanı veb-əsaslı platformalarlar olan Teachshare, TinyWow və QuillBot haqqında da məlumatlar verilmişdir.

Təlimdə çıxış edən Rektor, akademik Urxan Ələkbərov müasir dövrümüzdə süni intellekt vasitələrinin effektivliyindən bəhs etdi və həmçinin NotebookLM platformasının optimal idarəetməyə kömək edən innovativ rəqəmsal alət olduğunu bildirdi.  Müəllimlərə isə daim öz üzərlərində işləməyi, yenilikləri izləməyi, bilik və bacarıqlarını inkişaf etdirməyi tövsiyə etdi.