Azərbaycanın iqtisadi inkişafında innovativ idrəetmə və rəqəmsal texnologiyaların rolu” mövzusunda Respublika Elmi Praktik Konfrans keçirilmişdir
Noyabrın 19 -da Dövlət İdarəçilik Akademiyasında Vətən müharibəsində qələbəmizin 5 illiyinə həsr olunmuş “Azərbaycanın iqtisadi inkişafında innovativ idrəetmə və rəqəmsal texnologiyaların rolu” mövzusunda elmi -praktik konfrans baş tutdu.
Konfransın gündəliyi və seçilmiş istiqamətlər regional inkişafın idarə olunmasında innovativ proseslərin təhlili, perspektiv imkanların öyrənilməsinə həsr olunmuşdur.
Konfransın işində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Kooperasiya Universiteti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi, Samux Rayon İcra Hakimiyyəti, Yevlax Şəhər İcra Hakimiyyəti, Qəbələ Rayon İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, Qubadlı Rayon İcra Hakimiyyəti, Zərdab Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti və s. kimi qurum və təşkilatlardan nümayəndələr iştirak etmişlər.
Konfransın açılışında Dövlət Himni səsləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədris İşləri üzrə prorektoru, prof. Əlikram Abdullayev qonaqları salamlayaraq tədbir iştirakçılarına uğurlar arzulamışdır. Plenar iclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Heybət İmanov, Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəetməsi və menecment” kafedrasının müdiri, i.e.d., prof. Xatirə Hüseynova, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Aytac Əliyeva məruzə ilə çıxış etmişlər.
Rəsmi hissədən sonra konfrans “Davamlı inkişaf və yaşıl iqtisadiyyat” və “Rəqəmsal dövlət idarəetməsi və innovasiyalar” bölmələrində dinləmələrlə davam etmişdir. Çıxışlarda qeyd edilmişdir ki, Azərbaycanın bütün ərazilərində, o cümlədən suverenliyimizin bərpa edildiyi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və inkişaf proqramları regionu qısa zamanda post-münaqişə zonası statusundan çıxararaq Azərbaycanın ən müasir və innovativ inkişaf məkanına çevirib. Hazırda bölgədə ağıllı şəhər və ağıllı kənd texnologiyaları, rəqəmsal idarəetmə, yaşıl enerji infrastrukturu, İKT şəbəkələri, smart nəqliyyat sistemləri, dron və sensor nəzarəti, həmçinin yüksək texnologiyalı aqrar həllər geniş tətbiq olunur.