Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri startap müsabiqəsinin qalibi olmuşlar
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs Menecment ixtisasının tələbələri Fidan Quliyeva və Akif Cəfərzadənin iştirak etdiyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, "AccessBank"ın təşəbbüsü və "VISA" şirkətinin əlavə maliyyə dəstəyi ilə həyata keçirilən ikinci “Bizdən Biznesə” startap müsabiqəsi başa çatıb. Müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə qaliblər elan olunub. Müsabiqənin məqsədi innovativ ideyaları olan şəxsləri öz bizneslərini qurmağa ruhlandırmaq, onlara maliyyə və mentor dəstəyi təqdim etmək, biznes fəaliyyətini təşviq etməklə sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir.
Cari ilin 15 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olub. Münsiflər heyəti tərəfindən daxil olan layihələr arasında innovasiya, kreativlik, davamlılıq və gəlirlilik kimi meyarlara cavab verən 20 layihə seçilib. İkinci mərhələdə isə 10 layihə finala çıxmağa haqq qazanıb.
Final mərhələsində münsiflər heyətinin qərarına əsasən layihənin tərəfdaşı olan “VISA” şirkəti tərəfindən xüsusi yerin sahibi olaraq Fidan Quliyeva və Akif Cəfərzadə “İmaret Botanica” təbii kosmetik məhsullar istehsalı layihəsi ilə seçilmişlər. Qeyd edək ki, Akademiyanın “Dövlət idarəetməsi və menecment” kafedrasının müəllimi, “Menecment” və “Biznesin əsasları” fənlərini tədris edən Gülnarə Hüseynova tələbələrin bu layihələrinin “Biznes Plan”larının tərtibatında kömək etmişdir. Həmçinin “VISA” şirkəti tərəfindən xüsusi seçilmiş yerin sahibinə 15 000 AZN dəyərində pul mükafatı təqdim olunmuşdur.