Hüquq Kafedrası Haqqında

Hüquq kafedrası Azərbaycan Respublikasında demokratik hüquqi dövlət quruculuğunun müasir mərhələsində, dövlət idarəçiliyi sahəsi üçün yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması işini müasir tələblərə uyğun təşkil etmək, onların peşəkar səviyyəsini yüksəltmək, dövlət quruculuğu və hüquq sahəsində elmi tədqiqatları inkişaf etdirmək, eləcə də bu sahənin analitik-informasiya təminatını gücləndirmək məqsədilə yaradılmışdır. Kafedra DİA-nın Böyük Elmi Şurasının 29 yanvar 2016-cı il tarixli qərarı ilə Akademiyanın “Dövlət quruculuğu və hüquq” və “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedralarının bazasında təsis edilmişdir.

Tədris planlarında nəzərdə tutulmuş mühazirə və praktiki məşğələlərin yüksək elmi-nəzəri səviyyədə həyata keçirilməsi, imtahan və yoxlamaların təşkili, elmi-tədqiqat işlərinin aparılması, tələbə, magistrant, doktorant və dissertantların elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi və onların müzakirələrinin keçirilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərin pedaqoji bacarıqlarının artırılması, elmi-pedaqoji və elmi kadrların hazırlanması, eləcə də dövlət idarəetmə orqanlarında çalışan dövlət qulluqçularının ixtisaslarının müasir tələblərə uyğun təkmilləşdirilməsi kafedranın əsas vəzifələrindəndir. Bütövlükdə kafedranın fəaliyyətinə 1 nəfər professor olmaqla 4 nəfər hüquq elmləri doktoru, 10 nəfər dosent olmaqla 17 hüquq üzrə fəlsəfə doktoru, bundan başqa 15 nəfər saathesabı müəllim cəlb edilmişdir. Kafedrada çalışan müəllimlər tədris etdikləri fənlər üzrə dərsliklər, dərs vəsaitləri, elmi məqalələr, yeni proqramlar tərtib edir və bir qayda olaraq, tədris etdikləri fənləri müəllifləri olduqları dərsliklər və dərs vəsaitləri üzrə həyata keçirirlər.

Kafedranın professor-müəllim heyəti “Təhsil haqqında” 19 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsinə və Akademiya üzrə kafedraların Əsasnaməsinə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir. Kafedranın fəaliyyəti DİA-nın rektoru tərəfindən təsdiq olunmuş perspektiv və illik iş planları, kafedranın əməkdaşlarının fəaliyyəti isə həmin planlara uyğun olaraq tərtib edilmiş fərdi iş planları üzrə təşkil edilir.

Tədris prosesi ilə yanaşı, kafedra əməkdaşları elmi-tədqiqat işləri ilə də məşğul olurlar. Dövlət İdarəçilik Akademiyasının ümumi elmi fəaliyyətinin ayrılmaz bir hissəsi olan bu işlər, Azərbaycanda dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi və innovativ inkişafın aktual problemlərinin araşdırılmasını əhatə edir.

Kafedranın idarəçiliyində kollektiv fəal şəkildə iştirak edir. İclasların tərkibi müzakirə edilən məsələlərə uyğun olaraq formalaşdırılır. Kafedra iclasları zərurət yarandıqda, lakin ayda bir dəfədən az olmayaraq (məzuniyyət dövrü istisna olmaqla) keçirilir. Kafedranın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurası tərəfindən seçilən və rektorun əmri ilə vəzifəyə təyin olunan kafedra müdiri rəhbərlik edir.

Hal-hazırda kafedraya hüquq elmləri doktoru, professor Vəliyev İsaxan Veysəl oğlu rəhbərlik edir.