“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı haqqında

“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmi-nəzəri nəşri olmaqla, ölkəmizdə dövlət idarəçiliyi, ictimai siyasət, davamlı inkişaf, beynəlxalq münasibətlər, hüquq, rəqəmsal transformasiya, sosial-iqtisadi inkişaf, tarix və idarəetmə elmləri sahələrində aparılan tədqiqatların sistemli şəkildə elmi ictimaiyyətə çatdırılmasına xidmət edir. Jurnal dövlət xidmətlərinin modernləşdirilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi, eləcə də innovativ idarəetmə modellərinin elmi əsaslarla araşdırılması və tətbiqi məsələlərinə xüsusi önəm verir.

 

 Məqsəd və missiya

Jurnalın əsas məqsədi dövlət idarəçiliyi sahəsində elmi araşdırmalar üçün açıq platforma yaratmaq, müasir nəzəri yanaşmaları, praktik təcrübələri və tətbiqi araşdırmaları geniş müzakirəyə çıxarmaqdır. Nəşr, həmçinin, Azərbaycan Respublikasında dövlət idarəçiliyinin modernləşdirilməsi prosesinə töhfə verməyi, elmi nəticələrin qərar qəbuletmə proseslərinə inteqrasiyasını dəstəkləməyi hədəfləyir.

 

 Jurnalın əsas elmi istiqamətləri

• İctimai idarəetmə və dövlət siyasəti;

• Dövlət qulluğunun təşkili və idarə edilməsi;

• Davamlı inkişaf və dayanıqlı inkişaf strategiyaları;

• Politologiya və siyasi proseslərin təhlili;

• Dövlət idarəçiliyində hüquqi təminat;

• Regional inkişaf və sosial-iqtisadi inkişaf problemləri;

• Rəqəmsal dövlət, elektron hökumət və rəqəmsal transformasiya;

• İnnovasiya, smart idarəetmə və strateji planlaşdırma modelləri;

• Qlobal idarəetmə, beynəlxalq təcrübə və müqayisəli idarəetmə tədqiqatları;

• Tarix və dövlətçilik ənənələri.

 

Elmi nəşr standartları

Jurnalın redaksiyasına daxil olmuş bütün elmi məqalələr:

  • İkipilləli elmi rəyresenziya prosesindən keçir;
  • Plagiat yoxlama sistemləri vasitəsilə qiymətləndirilir;
  • Elmi etikaya, obyektivliyə və akademik dürüstlüyə uyğun olaraq seçilir.

 

“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı ildə 4 dəfə nəşr olunur.