Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 may - 05 iyun 2010-cu il tarixində keçirilən ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.
Kurs “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti” istiqaməti üzrə təşkil olunmuşdur. Kursda şəhər və rayon icra hakimiyyəti orqanlarının, müxtəlif nazirliklərin, dövlət komitələri və təşkilatlarının rəhbər işçiləri iştirak etmişlər.
Kursun əsas məqsədi dövlət qulluğunun təşkili və dövlət hakimiyyəti orqanları heyətinin xidməti fəaliyyətinin müasir idarəetmə modelləri və texnologiyaları haqqında yeni biliklərin sistemləşdirilməsi və dinləyicilərə verilməsidir.
Tədris-tematik plan üzrə kursda Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi, Azərbaycanda dövlət qulluğunun konstitusion əsasları, dövlət qulluğunu tənzimləmə institutları, kadr təminatının prinsipləri və mexanizmləri, Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi əsasları, dövlət qulluğu heyətinin attestasiyası, sənədlərlə işin təşkili, dövlət qulluğu heyətinin idarə olunmasının səmərəliliyi və onun yüksəldilməsi yolları, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi dövlət qulluqçularının idarəçilik mədəniyyəti və digər mövzular əhatə olunmuşdur.
Kursda Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezident Administrasiyasının kadr məsələləri şöbəsinin kadr siyasəti məsələləri sektorunun müdiri Vasif Xələfov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdir müavini İsrafil Qurbanov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri İradə Hacıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının Hüquq sektorunun müdiri Vüqar Əsgərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının Dövlət Qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli və DİA-nın professor-müəllim heyəti dinləyicilər qarşısında kadr siyasətinin aktual problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Eyni zamanda kursda mühazirə və dəyirmi masaların keçirilməsinə xüsusi diqqət verilmişdir. Dinləyicilər keçirilən məşğələlərdə fəal iştirak etmiş, onları maraqlandıran suallara ətraflı cavab verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor S.T.Qəndilov kursun sonunda dinləyicilərlə görüşmüş, onların qarşısında çıxış edərək dövlətin apardığı kadr siyasətinin həyata keçirilməsində onlara uğurlar arzulamış və kursu müvəffəqiyyətlə bitirdikləri haqqında vəsiqələr təqdim etmişdir.
Foto
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|