Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 28 may – Respublika gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
Tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov açaraq, akademiyanın professor-müəllim, tələbə və müdavim, eləcə də bütün kollektivini bayram münasibətilə təbrik etdi.
Sonra Azərbaycanın dövlət himni səsləndirildi. Akademiyanın rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov dövlətçilik salnaməmizin şərəfli tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində ölkəmizdə görülən işlərdən danışmışdır. Rektor tarixi təhlillərlə azadlıq mücadiləsi yolunda aparılan mübarizədə baş vermiş hadisələri, müstəqilliyimizi yenidən bərpa etdiyimiz günlərdə rastlaşdığımız maneələri, ciddi təhlükələri xatırladaraq, Ümummilli Lider Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən danışmış, həmçinin bugünkü irəliləyişə nail olmağımızın səbəblərini qeyd etmiş, ölkəmizin Prezidenti cənab İlham Əliyevin xalqımızın tərəqqisi naminə gördüyü işlərin əhəmiyyətindən söz açmışdır.
Akademiyanın Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər namizədi Elçin Əhmədov çıxışında 28 may – Respublika gününün qeyd olunmasının vacibliyini xatırladaraq, xalqımızın keçirdiyi bayramlar sırasında bu günün böyük əhəmiyyət kəsb etdiyini, azadlıq mücadiləmizin tarixi şahidi kimi unudulmaz bir səhifə olduğunu bildirərək öz ürək sözlərini yığıncaq iştirakçıları ilə bölüşmüş, tariximizi bir daha vərəqləyərək cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin yaranması və yaşanması üçün gördüyü işlərdən danışmış, cümhuriyyətimizin yenidən bərpa olunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətindən söz açmışdır.
Bayram tədbirində əməkdar artistlərdən Azərin, Ağalar Bayramov, xalq artisti Flora Kərimova və DİA tələbələrinin ifasında ədəbi-bədii kompozisiya səsləndirilmişdir.
FOTO >>>
DİA-nın Mətbuat və İnformasiya Xidməti
"Xalq qəzeti"
1 İyun 2010, Çərşənbə axşamı
|