|
Untitled Document
|
Untitled Document
|
TÜRKİYƏ VƏ ORTA ŞƏRQ İDARƏÇİLİK İNSTİTUTUNDA
“ERMƏNİ TERRORU VƏ DAĞLIQ QARABAĞ” MOVZUSUNDA KONFRANS
|
Bu günlərdə Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunda Azərbaycanlı tələbələrin təşkilatçılığı ilə “Erməni Terroru və Dağlıq Qarabağ Problemi” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan TODAİE rektoru Prof. Dr. Eyyup İsbir mövzunun aktuallığından bəhs edərək tarixi saxtalaşdırmağa çalışan ermənilərin işğal etdiyi Qarabağ haqqında həqiqətlərin Türkiyəli tələbələrə çatdırılmasının əhəmiyyətini vurğulamış və sözü konfrans təşkilatçılarına vermişdir.
Konfransda Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının magistri Jalə Axundova, Akademiyanın müdavimləri Zaur Haşımov və Elçin Hüseynov tərəfindən Azərbaycan Demokratik Cumhuriyyətinin qurulma tarixi və fəaliyyəti, 31 Mart Soyqırımı, Qanlı 20 Yanvar hadisələri, Dağlıq Qarabağ həqiqətləri və Xocalı Soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Konfransda sadalanan mövzularla bağlı təqdimatlar, video və fotoşəkillər nümayiş olunmuştur. Göstərilən materiallar tədbir iştirakçılarında dərin təəssürat doğurmuş, erməni vandalizminə qarşı hiddət və qəzəb hissi oyatmışdır. Dost və qardaş ölkə olmasına baxmayaraq Dağlıq Qarabağ tarixi və torpaqlarımızın işğal həqiqətləri haqqında yeterincə məlumatın olmadığını nəzərə alaraq keçirilən tədbir bu baxımdan maarifləndirici əhəmiyyətə malik olmuşdur. Konfransın sonunda dinləyicilərin çoxsaylı sualları cavablandırılmışdır.
Konfransa TODAİE rektoru Prof. Dr. Eyyup İsbir, rektor köməkçisi Prof. Dr. Kamil Ufuk Bilgin, İnstitutun Dövlət İdarəçiliyi üzrə Magistratura Bölməsinin rəhbəri Dos. Dr. Nəşə Songür, institutun müəllim və tələbə heyəti, həmçinin Bilkənt Universitetinin müəllimi Dr. İrfan Mısırlı, Gazi Universitetinin müəllimi Dr. Mürtəza Həsənoğlu və mövzuya maraq göstərən digər iştirakçılar qatılmışdır.
İştirakçılarda böyük maraq doğuran tədbirin sonunda TODAİE rektoru tərəfindən konfrans təşkilatçılarına sertifikatlar təqdim olunmuşdur.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|