Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında may ayının 11-dən 22-dək “Yerli özünüidarəetmə və bələdiyyə idarəçiliyinin əsasları” istiqaməti üzrə keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur.
Şəhər və qəsəbə bələdiyyələrinin sədrləri və sədr müavinləri iştirak etdiyi kursun əsas məqsədi yerli özünüidarəetmə və bələdiyyə idarəçiliyi sahəsində dinləyicilərin biliklərinin təkmilləşdirilməsi, onlara yeni məlumatların verilməsi, problemlər ətrafında geniş müzakirə və fikir mübadiləsinin aparılması olmuşdur.
Tədris-tematik plan üzrə kursda Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi, yerli özünüidarəetmənin hüquqi əsasları, yerli özünüidarəetmə sahəsində dövlət siyasətinin başlıca istiqamətləri, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, yerli özünüidarəetmənin başlıca inkişaf meylləri, bələdiyyələrdə torpaq münasibətləri və s. mövzular üzrə mühazirə və dəyirmi masa keçirilmişdir.
Təhsil müddəti ərzində kursda Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Tahir Rzayev, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Vergilər Nazirliyinin şöbə rəisi Yunis Quliyev, MSK-nın üzvü Tofiq Həsənov, Əmlak Məsələləri Komitəsinin böyük məsləhətçisi Talıb Mirzəyev və digər mütəxəssislər, eləcə də tanınmış alimlər dinləyicilər qarşısında yerli özünüidarəetmənin müxtəlif problemlərinə dair mühazirələrlə çıxış etmişlər.
May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında həmin istiqamət üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov kursun sonunda dinləyicilər qarşısında çıxış edərək, kursun dinləyicilərinə vəsiqələr təqdim etmiş və gələcək işlərində onlara uğurlar arzu etmişdir.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|