
Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Suraxanı rayon İcra Hakimiyyəti Suraxanı rayonu Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin dövlətçilik və idarəçilik irsi Azərbaycanın proqressiv inkişaf modelidir” mövzusunda elmi-praktiki konfrans keçirmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, Suraxanı rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkı ilə tanış oldular, Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək abidənin önünə gül qoydular.
Heydər Əliyev Mərkəzində eksponatlar, studiyalar, elektron kitabxana, foto və elektron sərgi ilə tanış olan konfrans iştirakçıları Mərkəzin 2–ci mərtəbəsində Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə Mərkəzin sifarişi əsasında hazırlanmış “Əyilməz iradə”, “Xilaskar”, “Millət atası” filmlərinə baxdılar.
Daha sonra mərkəzin Eektron-lektoriya zalında elmi-praktiki konfrans öz işinə başladı. Elmi-praktiki konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədilə elmi-praktiki konfransların keçirilməsi bir ənənə şəklini almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi bugünkü elmi-praktiki konfrans Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 87 illiyinə həsr olunub.
Rayon rəhbəri bildirdi ki, 2009-cu ilin may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən qırmızı lenti kəsmiş və mərkəzlə tanış olmuşdur.
Ötən dövr ərzində Mərkəzdə bir sıra tədbirlər keçirilmiş, Elektron kitabxananın xidmətindən 5500 nəfərə yaxın şagird istifadə etmişdir. Hər gün mərkəzə gələn ziyarətçilərlə yanaşı müəyyən olunmuş cədvələ uyğun olaraq rayonun şagirdləri mərkəzə gəlir və Ulu Öndərin zəngin irsini öyrənirlər.Bu günə qədər ümumilikdə 20 min nəfərə yaxın insan Suraxanı Rayonu Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin zəngin irsi ilə tanış olmuşdur. Mərkəz rayonda ideoloji qərargaha çevrilmışdir.
Çıxışına davam edən İ.Abbasov qeyd etmişdir ki, Ulu Öndərimiz Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində özünün idarəçilik prinsiplərinə sadiq qalaraq fəaliyyətini bütünlüklə millətə, xalqa, dövlətə xidmət amalı üzərində quraraq milli xilaskar və qurucu rəhbər kimi Ümummilli Liderlik zirvəsinə yüksəldi. Müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq onun yüksək liderlik əzmini bir daha nümayiş etdirdi.Ulu Öndər 1993-cü ilin iyununda çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Ulu Öndərimiz malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına verdi, məsuliyyətdən çəkinmədi.
Ulu Öndərimiz o çətin dövrdə belə ədalətlilik, insanpərvərlik, humanizm kimi ali dəyərlərə sadiqliyini nümayiş etdirmişdir. Düzgünlük, haqqı nahaqqa qurban verməmək, zəifləri, məzlumları müdafiə etmək, hər bir fərdin mənafeyini önə çəkmək Ümummilli Liderimiz Heydər Əliyevin idarəçilik fəlsəfəsinin əsas mahiyyətini təşkil etmişdir.
Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümümmilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov “Heydər Əliyevin dövlətçilik və idarəçilik irsi Azərbaycan xalqının milli sərvətidir” adlı əsas məruzə ilə çıxış etmişdir. Professor S.Qəndilov xüsusi vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bugün üçün deyil, gələcək üçün də çox əhəmiyyətlidir. İllər keçdikcə biz bunu daha aydın görür və dərk edirik. Heydər Əliyevin idarəçilik məharəti çox zəngin təcrübə məktəbi tükənməz bir xəzinədir. İllər keçdikcə gələcəkdə hələ çox-çox nəsillər bu təcrübədən bəhrələnəcəklər. Ulu Öndər Heydər Əliyev özünün çox böyük təşkilatçılıq məharəti və çoxcəhətli səmərəli fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli cəhətdən deyil, həmçinin nəzəri baxımdan da zənginləşdirmişdir. Bütün bunlar dünya təcrübəsi üçün də faydalı olduğundan beynəlxalq əhəmiyyətə malik çox zəngin bir sərvətdir. Biz bununla fəxr etməklə yanaşı qoruyub saxlamalı və daim bu sərvətdən bəhrələnməliyik. Bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb formalaşdırılmışdır. Fərəhli haldır ki, dövlət idarəçilik sistemimiz üçün xeyli qabiliyyətli və həm də milli ruhlu kadrlarımız hazırlanmışdır. Odur ki, cəmiyyət həyatının demək olar ki, bütün sahələrində yüksək səviyyəli kadr potensialımız mövcuddur. Buna biz Ulu Öndər Heydər Əliyevin parlaq və aydın zəkası, zəngin bilik və təcrübəsi, çoxcəhətli fəaliyyəti və zəhməti hesabına nail olmuşuq.
Konfransda Dövlət İdarəçilik Akademiyasının İnformasiya Texnologiyaları Mərkəzinin müdiri, professor Azad Abbaszadə ”Heydər Əliyev və Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları üzrə milli strategiyası”, Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəetməsi və menecment” kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent Eldar Azadov “Heydər Əliyev və Azərbaycanda yerli özünüidarəetmə sisteminin inkişafı”, Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəetməsi və menecment” kafedrasının dosenti İnşallah Qafarov “Sosial-iqtisadi inkişaf Heydər Əliyev siyasi kursunun prioritet istiqamətlərindən biri kimi”, Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının baş müəllimi, fəlsəfə doktoru Eldar Aslanov “Heydər Əliyev və Azərbaycan dövlət idarəçiliyi sistemində islahatlar” adlı məruzələrlə çıxış etmişlər.
Konfransın işini yekunlaşdıran İ.Abbasov qeyd etdi ki, Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87 illiynə həsr olunmuş elmi-praktiki konfransda çox maraqlı məruzələri dinlədik. Edilən məruzələrdə bir daha xüsusi vurğulandı ki, Müstəqil Azərbaycan Respublikasının son 17 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər məhz Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndərimizin dövlətçilik fəlsəfəsinə əsaslanan rəhbəliyi respublikamızda sabit iqtisadi və siyasi sistemin yaradılmasına, sosial vəzifələrin həllinə, əhalinin alıcılıq qabiliyyətinin və rifahının yüksəldilməsinə, cəmiyyətdə həmrəyliyin əldə edilməsinə yönəlmişdir. Möhtərəm Prezidentimizin rəhbərliyi altında qazanılan uğurlar Azərbaycanın davamlı inkişafına, dünya miqyasında nüfuzunun yüksəlməsinə geniş imkanlar yaradır.
FOTO >>>
Suraxanı rayon İcra Hakimiyyətinin Mətbuat və İnformasiya Xidməti,
"Xalq qəzeti"
|