Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Rəhbər kadrların ixtisasının artırılması fakültəsi və DİA Tələbə Elmi Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın yüksəliş illəri” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq mövzu ətrafında geniş məlumat verərək öz dühası və fədakar fəaliyyəti ilə Azərbaycana sülh, əmin-amanlıq, firavanlıq gətirmiş böyük xilaskar, bütün dünyada tanınan görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, həyatını xalqına, Vətəninə həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində, demokratik və hüquqi dövlət quruculuğunda müstəsna rolundan danışmışdır. Rektor Heydər Əliyevin xalqını və Vətənini ürəkdən sevən, onun uğrunda çox böyük fədakarlıq göstərmiş, adı və əməlləri dünya durduqca yaşayacaq bir şəxsiyyət olduğunu vurğulamış, onun həyat və fəaliyyətinin gələcək nəsillər üçün əsl nümunə olacağını qeyd etmişdir.
Sonra “Min ildə bir dəfə doğulan dahi”, “Heydər Əliyev və Azərbaycanda demokratik cəmiyyət quruculuğu”, “Heydər Əliyev və dövlət idarəçiliyi”, “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev gender siyasəti”, “Milli mədəni irsin qorunmasında Heydər Əliyevin rolu” və s. maraqlı mövzularda məruzələr dinlənilmişdir.
FOTO >>>
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|