Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş «Dövlət idarəçiliyində informasiya texnologiyalarının tətbiqi» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov açaraq konfrans iştirakçılarını salamlamış,
Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimiz sahəsində gördüyü işlərdən danışaraq, onun dövlətçilik səlnaməmizə yazdığı səhifələri bir daha vərəqləmiş, Heydər Əliyev dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, onun zəngin təcrübəsindən danışmışdır. Son illər ərzində informasiya texnologiyaları sahəsində görülmüş bir çox işlər nəticəsində ölkəmiz regionda lider dövlətə çevrilmişdir. Rektor təməli dünya şöhrətli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev tərəfəindən qoyulan müstəqil Azərbaycan Respublikasının bu gün dünyanın sürətlə inkişaf edən ən təhlükəsiz və sabit ölkələrindən biri olduğunu qeyd etmişdir. Ölkəmizin hazırda cənab Prezidenti İlham Əliyevin rəhbərliyi altında dinamik şəkildə, uğurla inkişaf etdiyini, öz beynəlxalq nüfuzunu durmadan artırdığını bildirmişdir. O, eyni zamanda Azərbaycan xalqının milli iftixarı, böyük şəxsiyyət, dahi insan Heydər Əliyevin hər zaman gəncləri irəliyə çəkən, onların əsl idarəçi kadr kimi yetişmələrinə şərait yaratdığını qeyd etmiş, informasiya və texnologiyalarının öyrənilməsinin vacibliyini vurğulamış, ulu öndərin bu sahədə gördüyü işlərdən danışmışdır.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının İnformatika Texnologiyaları İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, texniki elmlər doktoru, prof. Rasim Əliquliyev "Elektron hökumət: konseptual əsasları, problemlər və həlli yolları", DİA-nın İnormasiya Texnologiyaları Mərkəzinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, prof.Azad Abbaszadə "Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir", "Dövlət idarəçiliyində informasiya-texnologiyaları" kafedrasının dosenti A.İ.Mehtəliyev "Azərbaycanın dövlət strukturlarında İnternetdən istifadənin ümumi vəziyyəti" mövzularında məruzələrlə çıxış etmişlər.
Sonra konfrans öz işini bölmələrdə davam etdirmişdir.
DİA-nın Mətbuat və İnformasiya Xidməti Foto>>>
|