Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 05-17 oktyabr 2009-cu il tarixində keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı başa çatmışdır.
“Azərbaycan Respublikasında gənclər siyasəti” istiqaməti üzrə kursda şəhər, rayon İcra Hakimiyyəti orqanlarının şöbə müdirləri, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil Nazirliklərinin mərkəzi aparatının və rayon təşkilatlarının, Yeni Azərbaycan Partiyasının məsul əməkdaşları və gənclərin ictimai birliklərinin nümayəndələri iştirak etmişlər.
Bu istiqamətdə kursun əsas məqsədi Azərbaycan Respublikasında dövlətin gənclər siyasətinin şərh edilməsi, bu sahədə dövlət siyasətinin mahiyyətinin və strategiyasının açıqlanması, müasir dünyada gəncliyin yeri və rolu, milli dövlət quruculuğunda gənclər siyasətinin formalaşması prosesi və bu istiqamətdə dövlətin gənclər siyasətinin aktual məsələlərini və sair problemlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni biliklərin verilməsidir.
Tədris-tematik plan üzrə kursda təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan Respublikasında gənclər siyasəti, Azərbaycan Respublikasında gənclər siyasətinin hüquqi əsasları, müasir dövrdə tələbələrin dünya görüşünün formalaşmasında təhsilin rolu, gənclərin siyasi mədəniyyətinin formalaşmasının aktual məsələləri və digər məsələlər əhatə olunmuşdur.
Təhsil müddəti ərzində kursda Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanov, Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov, Avropa İttifaqı “Cənubi Qafqazda narkotiklərə nəzarət” Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev, müxtəlif nazirliklərin, Dövlət İdarəçilik Akademiyası və digər ali məktəblərin tanınmış alim-mütəxəssisləri Azərbaycan Respublikasının gənclər siyasətinin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında həmin istiqamət üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. DİA-nın rektoru, əməkdar elm xadimi, prof. S.T.Qəndilov kursun sonunda dinləyicilər qarşısında çıxış etmiş, onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə vəsiqələr təqdim edərək gələcək işlərində uğurlar arzu etmişdir.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |