|
Untitled Document
|
Untitled Document
|
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA DÖVLƏT QULLUĞU QEYD OLUNMUŞDUR |
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluqçularının peşə bayramı – “Beynəlxalq dövlət qulluğu günü”nə həsr olunmuş “Azərbaycanda müasir dövlət qulluğu sistemi quruculuğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq peşə bayramı münasibəti ilə dövlət qulluqçularını təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Rektor artıq ölkəmizdə bayram kimi qeyd edilən bu günün vacibliyindən danışmış, dövlət qulluğunun Azərbaycandakı inkişaf proseslərinə Ümummilli Liderimiz Heydər Əliyevin töhfəsini, dövlət idarəçiliyi istiqamətində respublikamızda həyata keçirilən islahatların nəticəsində bu sahədə olan irəliləyişlərdən söz açaraq, bu məsələlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daim diqqətdə saxlandığını vurğulamışdır. Artıq ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən rektor Dövlət Qulluğunu İdarəetmə Şurasına Prezident Administrasiyasının rəhbəri, uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan akademik Ramiz Mehdiyevin başçılıq etməsinin bu qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildirmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, hüquq elmləri namizədi Bəhram Xəlilov “Azərbaycanda dövlət qulluğunun inkişafı”, DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının professoru, psixologiya elmləri doktoru Gülnarə Qurbanova “Müasir dövlət qulluqçusu modelinin akmeoloji əsasları”, DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi, Dövlət idarəçiliyi üzrə doktor (PhD) Eldar Aslanov “Azərbaycan Respublikasında dövlət qulluğu sistemi quruculuğunun bəzi aktual problemləri” haqqında məruzələrlə çıxış edərək dövlət qulluğu sahəsində son dövrlərdə əldə olunan nailiyyətlərdən söz açmışdır.
Konfrans ümumi müzakirələrlə başa çatmışdır.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |
|
|
|
Untitled Document
|