
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 18-30 may 2009-cu il tarixində keçirilən qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.
«Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar» istiqaməti üzrə keçirilən kursda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Kursda aparılmış tədrisin əsas məqsədi Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlarla bağlı biliklərin sistemləşdirilməsi, daha da təkmilləşdirilməsi, dinləyicilərə bu sahədə yaranmış yeni biliklərin verilməsidir.
Kursda tematik plan üzrə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, Konstitusiya nəzarətinin mahiyyəti, təşkili və realizəsi, Azərbaycan Respublikası məhkəmə hakimiyyətinin təşkili və fəaliyyətinin konstitusion-hüquqi əsasları, Azərbaycan Respublikasında seçki hüququ və seçki prosesi, Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti və digər məsələlər əhatə olunmuşdur.
Tədris müddəti ərzində kursda cəmiyyətdə aparılan hüquqi islahatlarla bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüqüq Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublilası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublilası İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi Ramiz Nağıyev, Daxili İşlər Nazirliyinin Baş Təşkilati-İnspektor İdarəsinin rəisi Fazil Quliyev, Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov, Avropa İttifaqı “Cənubi Qafqazda narkotiklərə nəzarət” Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev, həmçinin tanınmış alim-mütəxəssislər, Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti dinləyicilər qarşısında hüquq elminin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
May ayının 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında həmin istiqamət üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor S.T.Qəndilov kursun sonunda dinləyicilər qarşısında çıxış etmiş, kursu müvəffəqiyyətlə bitirdiklərinə görə onları təbrik etmiş, gələcək işlərində uğurlar diləmiş və kursları bitirmələri haqqında sertifikatlar təqdim etmişdir.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |