Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş aspirant və dissertantların “Ümummilli Lider Heydər Əliyevin ideyaları əbədiyaşardır” mövzusunda elmi konfransı keçirilmişdir.
Konfransı Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq konfrans iştirakçılarını salamlamış, öz dühası və fədakar fəaliyyəti ilə Azərbaycana sülh, əmin-amanlıq, firavanlıq gətirmiş böyük xilaskar, Ümummilli Lider, dünyanın məşhur siyasətçisi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, həyatını xalqına, vətəninə həsr edən Heydər Əliyevin Azərbaycan tarixində, demokratik və hüquqi dövlət quruculuğunda müstəsna yerindən danışmış, ulu öndər haqqında ürək sözlərini və xatirələrini söyləmişdir.
Konfransda Dövlət İdarəçilik Akademiyasının aspirantı Əliyeva Almaz “Heydər Əliyevin neft strategiyası və onun reallaşdırılması mexanizmləri”, dissertant İbrahimli Çingiz “Heydər Əliyev müstəqil Azərbaycanda demokratik islahatlar kursunun banisidir”, dissertant Əsgərzadə Aygün “Heydər Əliyev və türk dünyası”, dissertant Hüseynova Tehranə “Heydər Əliyev və Azərbaycan-Pakistan münasibətləri”, dissertant Nuriyeva Nüşabə “Heydər Əliyevin 70-80-ci illərdə sənaye məhsulunun keyfiyyətini yüksəltmək siyasəti” və digər məruzəçilər ulu öndərin fəaliyyətinin bu və ya digər aspektlərini işıqlandıran mövzularla çıxış etmişlər.
Məruzələrdə geniş şəkildə qeyd olunmuşdur ki, dahi şəxsiyyət Heydər Əliyev xalqını və vətənini ürəkdən sevən, onun uğrunda çox böyük fədakarlıqlar göstərmiş, adı və əməlləri dünya durduqca yaşayacaq, onun həyat və fəaliyyəti gələcək nəsillər üçün əsl xəzinə olacaqdır.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|