Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 mart – azərbaycanlıların soyqırımının anım mərasimi keçirilmişdir.
Yığıncaq başlamazdan əvvəl soyqırımın günahsız qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov açaraq soyqırımın tarixindən, XX əsrin əvvəllərində erməni millətçiləri və daşnaklarının “Böyük Ermənistan” yaratmaq xülyası ilə Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhərləri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmələrindən danışmış, əsrlər boyu soyqırım və deportasiyaya məruz qalmış xalqımızın başına gətirilən müsibətlər barədə bir daha məlumat vermişdir. Rektor bütün sahələrdə olduğu kimi Azərbaycan dövlətinin milli maraqlarının qorunması istiqamətində də Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə etdiyini, məhz onun rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi diplomatiyanın bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyduğunu vurğulamışdır.
Tarix elmləri namizədi, dosent Firdovsiyyə Əhmədova, İxtisasartırma fakultəsinin I kurs tələbəsi, müdavim Elnur Əliyev, İnzibati İdarəetmə fakultəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Fatimə Əliyeva və Siyasi İdarəetmə fakültəsinin III kurs tələbəsi Allahşükür Seyidov öz çıxışlarında bu tarixi gün, mənfur erməni siyasəti və bu siyasətin havadarları tərəfindən əsrlər boyu başımıza gətirilən yeni faciələr barədə danışaraq, bu istiqamətdə daha böyük işlər görməyin vacibliyini qeyd etmiş, bu məsələlərin beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən tezliklə həqiqi qiymətini alacağına əmin olduqlarını bildirmişlər.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |