Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilərkən qarşıya qoyulan məsələlərdən biri də keçmişdə qəbul olunmuş qanunlar üzərində yenidən işləyib beynəlxalq standartlara uyğunlaşdırmaq idi. Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bu ali təhsil müəssisəsi ilə Milli Məclisin sosial siyasət daimi komissiyasının birgə keçirdikləri "dəyirmi masa" da bu məqsədlə təşkil olunmuşdur. Tədbirdə "Əmək Məcəlləsində dəyişikliklər və əlavələr edilməsi haqqında" qanun layihəsi müzakirə edildi.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov dedi ki, son illər dövlət quruculuğu sahəsində xeyli işlər görülmüşdür. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha möhkəmləndirmiş, nüfuzunu artırmışdır. S.Qəndilov tədbir iştirakçılarının diqqətinə çatdırdı ki Azərbaycan Avropa Şurası kimi nüfuzlu beynəlxalq qurumun üzvü olduqdan sonra qəbul ol unan qanunların hamısı beynəlxalq standartlara uyğunlaşdırılmış, əvvəllər qəbul olunmuş qanunlar üzərində yenidən işlənərək müasirləşdirilmişdir. Ümumiyyətlə, qanunlara əlavə və dəyişikliklər edilməsi Azərbaycan vətəndaşlarının sosial-rifah halının yaxşılaşdırılması və ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması ilə əlaqədardır.
Rektor Dünya Bankının Azərbaycanı dünyanın ən islahatçı ölkə elan etməsini diqqətə çatdıraraq dedi ki, bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətinin uğurlarıdır. Məhz bu məntiqli siyasətin nəticəsidir ki, hazırda dünyanı bürüyən maliyyə və iqtisadi böhran Azərbaycana öz təsirini göstərmir, əksinə ölkəmiz iqtisadi inkişaf yolunda daha da irəliləyir, yeni qanunlar qəbul olunur, əhalinin güzəranının daha da yaxşılaşdırılması məqsədilə əvvəllər qəbul olunmuş qanunlara əlavə və dəyişikliklər edilərək təkmilləşdirilir.
S.Qəndilov müzakirəyə təqdim olunan Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsinin çox əhəmiyyətli olduğunu bildirdi.
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar monitorinqlər keçirildiyini bildirdi və dedi ki, təklif olunan əlavələrin hamısı insanlara normal iş şəraitinin yaradılması, onlara verilən istirahətlərdən səmərəli istifadə olunması, qanunla müəyyənləşdirilmiş normadan artıq işləmələrinin qarşısını almaq məqsədi daşıyır. Komissiya sədri dedi ki, Əmək Məcəlləsi daha da təkmilləşdirilməli, beynəlxalq standartlara uyğunlaşdırılma lıdır.
Əmək Məcəlləsinin monitorinqinin yekunları və ona əlavə, dəyişikliklər haqqında məlumat verən Məlli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Mirhəşim Seyid dedi ki, Əmək Məcəlləsinin 33 maddəsinə 120 dəyişikliklər və əlavələr olunub. Bəzi məsələlərdə fikir ayrılıqları yaransa da, sonradan ümumi rəy qəbul olunub.Əlavə və dəyişikliklərdən söhbət açan sektor müdiri qeyd etdi ki, mövsümi işlərdə çalışanlara məzuniyyət verilməsi nəzərdə tutulub. Bundan başqa, hamiləliyə və doğuşa görə verilən məzuniyyətin artırılması, yaxın qohumların hüzn mərasimində iştirak etmək üçün işçiyə qısamüddətli icazə verilməsi, səsvermə günü işə cəlb olunan işçilərə əlavə əmək haqqı hesablanması, havanın hərarəti 41 dərəcə olduqda işçiyə istirahət verilməsi və digər güzəştlər şamil olunacaq.
Milli Məclis Aparatı sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova əlavə və dəyişikliklərdə bir yeniliyi də diqqətə çatdırdı. Bildirdi ki, iş yerindən hərbi xidmətə getmiş gənc həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən əvvəlki iş yerində tutduğu vəzifəyə təyin edilir. Ancaq hərbi xidmətdən qayıtmış həmin şəxs 30 gün müddətində rəhbərliyə bu barədə məlumat verməlidir. Əgər bu müddət ərzində müraciət etməzsə, onun əvvəlki işinə bərpa olunması hüququ itir.
Azərbaycan Həmkarlar İttifaqı Konferedasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, deputatlardan Musa Quliyev, Yaqub Məmmədov, Elmira Axundova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Vahab Məmmədov və digər çıxış edənlər təklif olunan əlavələr və dəyişikliklərə münasibətlərini bildirdilər. Ümumiyyətlə, qanun layihəsinin vacib və əhəmiyyətli olduğu qeyd edildi.
Sonra müzakirə olunan sənədlə əlaqədar fikir mübadiləsi aparıldı.
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|