05 dekabr 2011-ci ildə Azərbayca Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı, BMT və TİKA-nın dəstəyi ilə dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı ikigünlük beynəlxalq konfrans öz işinə plenar iclasla başlamışdır.
Konfrans başlamazdan əvvəl konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər. Qonaqlar Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülmüşdür.
Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsini ziyarət etmişlər.
Qonaqlar Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsinə baxmışlar.
Sonra konfrans iştirakçıları Dövlət İdarəçilik Akademiyasına gələrək tədbiri davam etdirmişlər. Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Beynəlxalq konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev açmış və Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışmışdır. Ə.Abdullayev bildirmişdir ki, beynəlxalq konfransın məqsədi Azərbaycanda dövlət idarəçiliyi üzrə həyata keçirilən islahatları təhlil etmək, əldə olunan uğurları və nəticələri, həmçinin xarici ölkələrin təcrübəsinin tətbiqi imkanlarını araşdırmaqdır. Professor qeyd etmişdir ki, konfrans çərçivəsində təhsil və tədqiqat mərkəzlərində dövlət qulluğu üzrə kadrların hazırlanması sahəsində təcrübə mübadiləsi aparılacaqdır. Ə.Abdullayev vurğulamışdır ki, iyirmi il ərzində ölkəmiz olduqca ağır sınaqlardan çıxmış, bütün bu çətinliklərə baxmayaraq, bərpa edilmiş müstəqilliyi qoruyub saxlaya bilmiş, mühüm sosial-iqtisadi problemlərin həllində ciddi uğurlar qazanmış, yüksək inkişaf templərinə nail olmuşdur.
Bu gün ölkəmiz üçün ən aktual problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Ə.Abdullayev qeyd etmişdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, bunun nəticəsində 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
İyirmi il ərzində Azərbaycanın əldə etdiyi uğurlar barədə danışan Ə.Abdullayev vurğulamışdır ki, beynəlxalq təşkilatların müxtəlif reytinq cədvəllərində dövlətimizin mövqeyi yüksəkdir. Azərbaycan dinamik inkişafa nail olan bir ölkə olduğunu BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bir daha təsdiqləmişdir.
Professor dövlət müstəqilliyimizin bərpa olunmasının iyirmi ilinə nəzər salarkən qeyd etmişdir ki, bu yolda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ə.Abdullayev ölkənin modernləşməsində, bu inkişafın yeni keyfiyyət mərhələsinə qədəm qoymasında Prezident İlham Əliyevin gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışmışdır.
Təhsil naziri Misir Mərdanov Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümündə bu cür konfransın Bakıda keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını bildirmişdir. İyirmi il ərzində ölkəmizdə çox böyük tarixi hadisələrin baş verdiyini deyən nazir vurğulamışdır ki, bütün bu nailiyyətlərin qazanılmasında Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Azərbaycanda təhsil sahəsində gedən islahatlar barədə də məlumat verən M.Mərdanov konfransın işinə uğurlar arzulamışlar.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini əldə etməklə beynəlxalq münasibətlərdə inamla fəaliyyətə başlamış və beynəlxalq birliyin tam hüquqlu üzvü kimi regionda və dünyada gedən proseslərin aktiv iştirakçısına çevrilmişdir. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını davam etdirir. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 2000-ci il 21 iyul tarixində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununu qəbul edilməsi olmuşdur. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.
Beynəlxalq konfransın əhəmiyyətindən danışan Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirmişdir ki, hər bir dövlətin gücü onun dövlət idarəçiliyindən asılıdır. Diplomat qeyd etmişdir ki, dövlət demokratiya və insan haqlarını əsas tutmalıdır. Azərbaycan da bu yolda çalışır.
"Biz korrupsiyaya qarşı mübarizənin və şəffaflığın Azərbaycanda uğurla həyata keçirildiyini müşahidə edirik," - deyən R.Kobia vurğulamışdır ki, Azərbaycan Şərqi Avropanın bir hissəsidir. Onun çox gözəl şansı var ki, Avropa İttifaqına daxil olsun. Bu bəlkə də ilk baxışda çox çətin görünür. Amma Avropa və Azərbaycan birlikdə bu məqsədə nail olacaqdır.
BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi Fikrət Akçura, Türkiyə və Yaxın Şərq Dövlət İdarəçiliyi İnstitutunun rektoru Eyyub İsbir, Qırğızıstan Respublikasının Prezidenti yanında İdarəetmə Akademiyasının birinci prorektoru Sidikov Bakitbek Kadiralieviç beynəlxalq konfransda çıxış edırık Azərbaycan Respublikasında dövlət idarəçiliyi sisteminin yüksək sürətlə inkişaf etdiyini vurğulamış və müstəqil bir dövlət üçün bu cür tədbirin beynəlxalq səviyyədə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirmişlər.
Ukrayna Prezidenti yanında Milli İdarəçilik Akademiyasının prezidenti, professor Yuri Kovbasyuk, Sibir Dövlət Qulluğu Akademiyasının rektoru Yevgeni Boyko və başqaları idarəetmə kadrlarının hazırlanması sisteminin təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər, ekoloji siyasətin strukturu, ekoloji idarəetmə və digər məsələlər barədə danışmışlar.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilmişdir.
Tədbirin birinci hissəsində qonaqlar üçün Azərbaycan Respublikasının müasir inkişaf tarixindən bəhs edən film nümayiş olunmuşdur.
Konfransda Respublikamızın dövlət orqanlarının təmsilçiləri, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Polşa, Litva, Estoniya, Özbəkistan, Qırğızıstan və.s., dövlətlərinin idarəçilik akademiyaları, institutları və elmi mərkəzlərinin rəhbərləri və ekspertləri, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Konfransın tematik bölmələrində "Müstəqil Azərbaycanda dövlət idarəçiliyi: nailiyyətlər və problemlər", "Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət idarəçiliyi sistemində islahatlar", "BMT-nin Minilliyin inkişaf məqsədləri və səmərəli idarəçilik", "Dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində şəffaflıq, hesabatlılıq, korrupsiyaya şərait yaradan halların və amillərin aradan qaldırılması", "Xarici ölkələrin səmərəli idarəçilik sahəsində qazandıqları təcrübə, beynəlxalq əməkdaşlığın perspektivləri" və s. məsələlər müzakirə olunacaqdır.
2 plenar və 6 bölmədən ibarət olan beynəlxalq konfrans öz işini dekabrın 6-da başa çatdıracaqdır.
Foto
DİA-nın Mətbuat Xidməti
|