Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iqtisad elmləri doktoru, professor Səttar Səfərovun “İlham Əliyev dinamik inkişafın uğurlu gələcəyin təminatçısı” kitabının təqdimat mərasimi keçirilmişdir.
Mərasimi Akademiyanın rektoru, əməkdar elm xadimi, prof.Seyfəddin Qəndilov açaraq ümummilli lider Heydər Əliyevin ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışmış, onun Azərbaycanın tərəqqisi, xalqımızın rifahı naminə gördüyü işlərin cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulamışdır. Rektor ölkəmizin iqtisadiyyatının hazırki vəziyyətinin real və yeni faktlar əsasında təhlil edildiyi bu kitabda göstərilən iqtisadi inkişafımızın uğurlarından söz açmış, istifadə olunan materialların əksəriyyətinin ilk mənbələrə, qanunvericilik sənədlərinə əsaslanaraq ərsəyə gəldiyini bildirmiş, ayrı-ayrı fəsillər barədə ətraflı məlumat vermişdir. Yeni nəşrin dərs vəsaiti kimi Akademiyada təhsil alan tələbə və müdavimlər üçün gərəkli olduğunu qeyd etmişdir.
Professor Şahlar Əsgərov, prof. Əli Nuriyev, kafedra müdirləri dosent Roza Əliyeva və dosent Eldar Azadov, dosent Cahangir Hüseynov çıxışlarında kitabın dəyər və əhəmiyyətindən danışmış, müəllifin böyük əməyini qeyd edərək kitabın iqtisadçı alimlər, ali və orta ixtisas məktəbi müəllimləri, aspirantlar, tələbə və magistrlər üçün lazımlı və əhəmiyyətli dərs vəsaiti olduğunu bildirmişlər.
Kitabın müəllifi, prof. Səttar Səfərov Heydər Əliyev siyasi kursunun fəal davamçısı olan cənab Prezident İlham Əliyevin gördüyü işlərin ölkəmizin iqtisadiyyatının bu günü və sabahı üçün vacibliyindən söz açmışdır. S.Səfərov kitab üzərində başa çatdırdığı işi yüksək qiymətləndirən Akademiya rəhbərliyinə, çıxış edən mütəxəssislərə və eləcə də bütün kollektivə öz təşəkkür və minnətdarlığını bildirmişdir.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|