Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Analitik İnformasiya şöbəsi və Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzi “İlham Əliyev və Azərbaycanın müasir inkişaf strategiyasının yeni mərhələsi” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq tədbir iştirakçılarını salamlamış və İlham Əliyevin prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbrik etmişdir. Rektor son beş ildə Azərbaycanda mühüm uğurlara imza atdığını, sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının həyata keçirildiyini qeyd etmişdir. Eyni zamanda vətəndaş cəmiyyəti və hüquqi dövlət daha da möhkəmlənmiş, milli iqtisadiyyatın dinamik inkişafı sayəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Cənab İlham Əliyevin beş illik fəaliyyəti nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu ilbəil artmaqdadır. Bu gün Azərbaycanda təhsil, elm və mədəniyyətin inkişafı üçün geniş və səmərəli tədbirlər həyata keçirilir.
Rektor, prof.S. Qəndilov “Ümummilli lider Heydər Əliyevin siyasi kursunun yeni şəraitdə Prezident İlham Əliyev tərərfindən yaradıcılıqla inkişafı” mövzusunda ətraflı çıxış edərək, İlham Əliyevin başçılığı ilə respublikamızda daxili, ictimai-siyasi sabitlik yaradılmasını, ölkəmizdə demokratik mühit formalaşmasını bir daha vurğulamışdır.
Tədbirdə Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri Aydın Ağayev “Azərbaycan hakimiyyətində siyasi varislik: İlham Əliyevin prezidentlik dövrünün əsas xüsusiyyətləri”, Geostrateji Araşdırmalar mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, i.e.d., prof. Əli Nuriyev “Elmilik, varislik və novatorluq prinsipi üzərində qurulmuş strategiyanın bəhrələri”, Geostrateji Araşdırmalar mərkəzinin direktor müavini, t.e.n., dos. Elman Nəsirov “Azərbaycan Respublikasının müasir xarici siyasət strategiyası: reallıqlar, perspektivlər”, Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı “Azərbaycanın təhlükəsizlik siyasətinin formalaşmasında Prezident İlham Əliyevin rolu və siyasi xətti” mövzuları ətrafında geniş məruzə etmiş və iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|