Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaq başlamazdan əvvəl Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov açaraq, tariximizə mühüm bir hadisə kimi daxil olmuş bu günün əhəmiyyətindən danışmış, Qurtuluş gününün qaynaqlandığı hadisələr barədə təfsilatı ilə məlumat vermişdir. Natiq ölkənin və xalqın xaos, anarxiya şəraitində yaşadığı o günlərdə baş verən hadisələrin separatçı qüvvələrin fəallığı ilə daha da gərginləşdiyini, Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsi qarşısında qaldığını bildirmiş, xalqımızı bu çətin şəraitdən çıxmaq üçün öz xilaskarı kimi Heydər Əliyevə üz tutmasının düzgün seçim olduğunu qeyd etmişdir. Rektor bildirmişdir ki, məhz bu seçim xalqın qurtuluş, nicat yolu olmuş, bu böyük şəxsiyyətin vətənin ağır günlərində öz xalqının yanında olması insanların itmiş ümidlərini özlərinə qaytarmış, Heydər Əliyevin respublika rəhbərliyinə vaxtında və yenidən qayıdışı ölkəmizi məhv olmaqdan qurtarmış, Heydər Əliyevi xalqına bağlı olan bir rəhbər kimi bir daha tanıtmışdır. Natiq həmçinin, Ulu Öndərin varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikamızın tərəqqisi naminə gördüyü işlərdən danışmış, bu illər ərzində əldə etdiyimiz nailiyyətlərin qazanılması istiqamətində cənab Prezidentin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzunun günbəgün artdığını qeyd etmişdir.
Tədbirdə respublikanın tanınmış incəsənət ustalarının və Akademiya tələbələrinin ifasında Ulu Öndərə həsr olunmuş şerlər və mahnılar səsləndirilmişdir.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|