
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə-Gənclər Təşkilatı 2005-ci ildə yaradılmışdır. TGT öz daxili strukturunu formalaşdırdıqdan və ətrafına xeyli sayda tələbələr cəlb etdikdən sonra bir sıra istiqamətlərdə fəaliyyətə başlamışdır. Həmin dövrdən etibarən TGT nəzdində fəaliyyət göstərən klublar yaranmış, Akademiyanın potensial fəal tələbələrin üzə çıxarılmasına, bir sıra layihələrin gerçəkləşdirilməsinə nail olunmuşdur. Bunlarla yanaşı TGT dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə də əməkdaşlıq etmiş onların tədbir və layihələrində fəal iştirak etmişdir.
Akademiyada fəaliyyət göstərən tələbə klubları:
DİA-da yaranmış ilk tələbə klublarından biri olan “Debat Klub” öz geniş və uğurlu fəaliyyətinə, həmçinin də ətrafına cəlb etdiyi tələbələrin sayına görə fərqlənir. Akademiyanın debatçıları həyata keçirilən müxtəlif turnirlərdə ən yüksək nəticələr göstərmişlər və respublikada özünün potensialına görə hər zaman seçilmişdir. “Debat klubu”nun devizi: Birləşdirmək. Öyrətmək. İnkişaf. Varislik.
"Kim? Nə? Harada?" klubu (ÇKQ) tələbələrin asudə vaxtını səmərəli keçirilməsində və dünyagörüşlərinin artırılmasında rolu böyükdür. Fəaliyyət göstərdiyi dövr ərzində müxtəlif yarışlarda qüvvəsini sınamışdır və yüksək nəticələr əldə etmişdir.
2007-ci ilin aprel ayında Dövlət İdarəçilik Akademiyasının “SİFE DİA” ("Tələbələr Azad Sahibkarlıqda") komandası formalaşdırılmış, elə həmin il SİFE-ın Azərbaycan üzrə koordinatorluğunun, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən 2-ci Azərbaycan SİFE çempionatında 3-cü yerə və 2 nominasiya üzrə mükafatlara layiq görülmüşdür. DİA SİFE komandası 2008-ci ildə keçirilən 3-cü Respublika SİFE çempionatında "Ən yaxşı veb-layihə" nominasiyasında mükafat əldə etmişdir. Növbəti illərdə də DİA tələbələrinin layihələri ilk üçlüyə daxil olmuşdur.
2010-cu ildə Akademiyada “Diplomatiya və Araşdırmalar” Klubu (DipClub) yaradılmışdır. Klubun əsas fəaliyyəti beynəlxalq münasibətlərə, dünya siyasətinə marağı olan tələbələri öz ətrafında birləşdirmək, bu sahədə baş verən yenilikləri araşdırmaq, müxtəlif dəyirmi masalar, konfranslar təşkil etmək, tələbələri yerli və beynəlxalq layihələrə cəlb etməkdir. Ötən dövr ərzində klub böyük uğurlar əldə edərək, yüksək nüfuza sahib olmuşdur.
2009-cu ildə “Vətənpərvərlik klubu” yaradılmışdır. Klub tələbələr arasında vətənpərvərlik hisslərinin aşılanması və həmçinin azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində layihələr həyata keçirmişdir.
Akademiyada təhsil alan tələbələrin asudə vaxtını səmərəli təşkil etmək, onların ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə TGT fəaliyyətini uğurla həyata keçirməyə nail olmuşdur və hal-hazırda da öz fəaliyyətini bu sahədə fəal olaraq davam etdirir.
2011-ci ildə Tələbə Gənclər Təşkilatının 4-cü hesabat-seçki konfransı keçirilmiş, ötən dövr ərzində görülmüş işlər dəyərləndirilmişdir. Konfransda Əsasnaməyə uyğun olaraq növbəti müddət üçün Tale Əliyev təşkilatın sədri, Toğrul Niyazlı, Fəxrintac Abdullazadə və Pünhan Hüseynov isə sədr müavinləri seçilmiş və eyni zamanda yeni idarə heyəti formalaşdırılmışdır. Qısa müddət ərzində özündə yeni layihələri ehtiva edən çox-spektrli fəaliyyət planı qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının fəaliyyəti dövlət orqanları və müxtəlif təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilmişdir.
Əlaqə vasitələri:
E-mail: diatgt@gmail.com
Facebook: https://www.facebook.com/DIATGT
FOTO>>>
|