Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Ölkəmizdə həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Xatırladaq ki, Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.
Qeyd: Konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir. Konstitusiyalar iki əsas növə bölünür: yazılı və yazılmamış.
Yazılı konstitusiyalar ya vahid normativ akt, ya da bir neçə konstitusiya qanununun məcmusudur.
Yazılmamış konstitusiyalarda isə ali qanun normalar, çoxlu sayda akt, həmçinin adətlərdə təsbit olunub.
Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqların Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır.
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
BİRİNCİ BÖLMƏ.
ÜMUMİ MÜDDƏALAR
İKİNCİ BÖLMƏ.
ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZİFƏLƏR
ÜÇÜNCÜ BÖLMƏ.
DÖVLƏT HAKİMİYYƏTİ
DÖRDÜNCÜ BÖLMƏ.
YERLİ ÖZÜNÜİDARƏETMƏ
BEŞİNCİ BÖLMƏ.
HÜQUQ VƏ QANUN
KEÇİD MÜDDƏALARI
|