Kitabxana Akademiyanın ən zəngin, vacib və eyni zamanda maraqlı, aparıcı strukturlarından biridir. Elmi kitabxana 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kitabxanası kimi müvəffəqiyyətlə fəaliyyət göstərir. Elmi kitabxananın əsas məqsədi və məramı Akademiyanın tədris-təlim prosesinə fəal kömək göstərməkdir. Burada informasiyanın toplanması, saxlanması, paylaşdırılması vasitələrinin və metodlarının təkmilləşdirilməsi ilə yanaşı, informasiya axtarışı və informasiyanın işlənməsi ilə də məşğul olunur.
DİA-nın Elmi Şurasının qərarı ilə kitabxanaya Elmi kitabxana statusu verilmiş və 2002-ci ildən isə Elmi Kitabxananın Əsasnaməsi təsdiq edilmişdir. Elmi Kitabxanaya filologiya üzrə fəlsəfə doktoru Həbibova Ziyafət rəhbərlik edir və burada 7 nəfər ixtisaslı kitabxanaçı fəaliyyət göstərir.
Elmi kitabxana professor-müəllim heyətini, tələbə, magistr, müdavim, aspirant, dissertantların müasir informasiya ehtiyaclarının təmin edilməsinə uyğunlaşdırılır, kitab fondunun tərkibi, sayı və çeşidi daima artırılır, yeniləşir.
Kitabxanada "Dövlətçilik", "Dövlət idarəçiliyi", "Dövlət qulluğu" və s. adlı kartotekalar təşkil edilib. Elmi kitabxanada ehtiyat, dissertasiya, avtoreferat, həmçinin yardımçı fondlar təşkil edilmişdir. Eyni zamanda kitabxanada arxiv fondu da oxucuların istifadəsinə verilmişdir.
Elmi kitabxana fondunun ümumi həcmi 70 min nüsxədən çoxdur, bunlardan 17376-sı Azərbaycan, 18238-i rus, 792-si xarici dillərdə kitablardır. Bundan əlavə, 656 nüsxə avtoreferat və 116 nüsxə dissertasiya fondu da oxucuların ixtiyarına verilmişdir.
Kitabxanada internetə qoşulmuş kompüter şəbəkəsi bütün günü oxucuların ixtiyarına verilmişdir. Elmi kitabxana 1 abonementdən, müəllim, müdavim və magistrlər üçün 36 nəfərlik və tələbələr üçün 100 nəfərlik müasir standartlara cavab verən oxu zallarından ibarətdir.
Oxucuya tələb olunan informasiyanı almaq üçün kitabxanada ənənəvi informasiya daşıyıcılarından istifadə təkmilləşmişdir. İnformasiya daşıyıcıları arasında əlifba və sistemli kataloqlar, kartotekalar və həmçinin İnternet şəbəkəsində yerləşən elektron kataloqları var. Kitabxanada gün ərzində 200-250 oxucuya xidmət göstərilir. Bütövlükdə Akademiyanın professor-müəllim heyətinin, tələbələrinin 90 faizindən çoxu kitabxana xidməti ilə əhatə edilmişdir.
Elmi kitabxana elm, mədəniyyət, təlim-tərbiyə, təhsil, dövlət idarəçiliyi sahəsində və icra hakimiyyəti orqanları, dövlət və bələdiyyə orqanları, menecer, biznes və sahibkarlıq qurumları üçün mütəxəssislərin hazırlanmasının, təkmilləşməsinin, yenidən hazırlanmasının idarə edilməsi istiqamətində bir elmi mərkəz kimi fəaliyyət göstərərək, müasir çap əsərlərinin, kağız, elektron və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edərək, onların sistemli istifadəsi üçün oxuculara şərait yaradır. Elmi kitabxana təlim-tərbiyə, elmi-tədqiqat və tədris, elmi-metodiki prosesləri müasir ədəbiyyatla və informasiya materialları ilə təmin edən bir təbliğat mərkəzidir.
Elmi kitabxana Akademiyanın professor-müəllim heyətinin, müdavimlərin, magistr, dissertant, aspirant və tələbələrin bütün müasir zəruri elmi ədəbiyyatlarla, materiallarla gün ərzində fasiləsiz təmin edilməsini təşkil və təmin edir.
Akademiyanın Elmi kitabxanasının əsas vəzifələrindən biri də Dövlət idarəçiliyinin inkişafı və tədris prosesinin təminatı vəzifələrini nəzərə almaqla yüksək ixtisaslı idarəçilik qabiliyyəti, bacarığı olan mütəxəssislərin hazırlanmasında tədris prosesinə yaxından kömək göstərməkdən ibarətdir.
Foto
|