15 aprel 2000-ci il tarixlində Akademiyada tədris-metodiki işlərin səmərəliliyi və keyfiyyətinin yüksəldilməsi, metodik işlərin yüksək səviyyədə və məqsədyönlü aparılması, tədris planları, proqram və dərsliklərin hazırlanması və nəşri işini təşkil etmək məqsədilə Elmi-Metodiki Şura yaradılmışdır. Elmi-Metodiki Şuranın əsasnaməsi respublikamızda fəaliyyət göstərən qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsini öyrənməklə, Təhsil Nazirliyinin Elmi-Metodiki Şuralar haqqında normativ sənədlərini, Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsini və rektorun əmrindəki göstərişləri nəzərə almaqla işlənib hazırlanmış, Elmi-Metodiki Şuranın 22 dekabr 2000-ci il tarixli qərarı ilə qəbul olunmuş və Akademiyanın Böyük Elmu Şurasının 15 fevral 2001-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
Elmi-Metodiki Şura öz səylərini hər şeydən əvvəl kafedraların tədris və tədris-metodiki işlər sahəsində əldə etdiyi müsbət təcrübənin ümumiləşdirilməsi və yayılmasına, bu təcrübənin elmi-metodiki işlər sahəsində respublikada və beynəlxalq aləmdə əldə olunmuş son nailiyyətlərlə zənginləşdirilməsinə, dərslərin keçirilməsinin vahid metodikasının işlənib hazırlanmasına, Akademiyanın professor-müəllim heyətinin metodiki ustalığının artırılmasına, bütövlükdə tədris prosesinin metodiki təminatının möhkəmlənməsinə yönəldir.
Elmi-Metodiki Şuranın tərkibində tədris prosesinin təşkili, planlaşdırılması və idarəedilməsi ilə əlaqədar məsələlərin daha səmərəli həlli üçün komissiyalar fəaliyyət göstərir. Elmi-Metodiki Şuranın tərkibi Akademiyanın təcrübəli professor-müəllimlərindən təşkil olunmuşdur. Elmi-Metodiki Şuranın fəaliyyəti hər il Şura tərəfindən təsdiq edilən iş planına uyğun olaraq həyata keçirilir.
Hər il Şuranın 9-10 iclası keçirilir ki, bu iclaslarda ildə 25-30 məsələ müzakirə olunur.
Elmi-Metodiki Şuranın iclaslarında fənn proqramlarının hazırlanması və təkmilləşdirilməsi, fənlərin ədəbiyyatlarla təminatının səviyyəsinin yaxşılaşdırılması məsələləri müntəzəm müzakirə olunur, mövcud çətinliklərin aradan qaldırılması üçün tədbirlər planı işlənib hazırlanaraq həyata keçirilir.
Elmi-Metodiki Şuranın fəaliyyətinin çox mühüm bir hissəsi tədris-metodiki vəsaitlərin işlənib hazırlanması və onların ekspertizasının təşkil edilməsindən ibarətdir. Elmi-Metodiki Şuranın iclaslarında müntəzəm olaraq tələbələrin istehsalat, elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrinin təşkili və keçirilməsi məsələləri müzakirə olunur, buraxılış işləri və magistr dissertasiyaları üçün təklif olunan müvzuların ekspertizası keçirilir, mövzuların elmin müasir istiqamətlərinə və respublikamızda müxtəlif sahələrdə mövcud olan problemlərin aşkarlanması və həllinə istiqamətləndirilməsi sahəsində tövsiyələr verilir.
Akademiyada açıq dərslərin, kafedralararası elmi-metodik seminarların keçirilməsi, yeni informasiya texnologiyalarından istifadə ilə bağlı məsələlər Elmi-Metodiki Şuranın iclaslarında müntəzəm olaraq müzakirə olunur, bu sahələrdə işlərin səmərəli aparılması üçün tədbirlər planı hazırlanaraq həyata keçirilir.
|