Dövlət İdarəçilik Akademiyasının Elmi hissəsi 1999-cu ildən fəaliyyət göstərir və aşağıdakı vəzifələri həyata keçirir:
- Böyük Elmi Şura üçün tədbirlər və iş planını hazırlayır;
- Böyük Elmi Şuranın iclaslarını təşkil edir və protokalların hazırlanmasını təmin edir;
- Böyük Elmi Şuranın qərarlarının, Akademiya üzrə elmi-tədqiqat işlərinin vaxtında yerinə yetirilməsinə nəzarət edir;
- Kafedraların elmi-tədqiqat işlərinin vaxtında müzakirə olunması və təhvil verilməsinə nəzarət edir;
- Kafedralararası elmi-metodoloji seminarların keçirilməsini təşkil edir;
- Akademiyanın Elmi-Metodiki Şurasının fəaliyyətinin müvafiq qaydada təşkil edilməsinə nəzarət edir;
- Dərsliklərin, dərs vəsaitlərinin, tədris proqramlarının və digər elmi-metodik ədəbiyyatın hazırlanması və nəşrinə xüsusi diqqət yetirir;
- Akademiyada əldə edilmiş elmi nəticələrin geniş elmi ictimaiyyətə çatdırılmasını təmin edir;
- Üzərinə düşən digər vəzifələri yerinə yetirir.

Elmi hissə DİA-nın fakültə, kafedra və elmi-tədqiqat mərkəzlərində elmi-tədqiqat və elmi-metodik işlərin səviyyəsinin yüksəldilməsinə xüsusi fikir verir. Belə ki, elmi tədqiqatların əsas istiqamətlərinin prioritet əsaslarının müəyyənləşdirilməsi məqsədilə DİA-nın təcrübəli müəllimləri və aparıcı mütəxəssislərindən ibarət ümumakademiya komissiyası və ekspert-işçi qrupu yaradılmışdır. Kafedralarda və digər strukturlarda aparılacaq elmi tədqiqatların əsas istiqamətləri və mövzuları müəyyənləşdirilmişdir.
Elmi-tədqiqat işlərinin istiqamətlərinin, problem və mövzularının seçimində onların aktuallığı, elmi və praktiki əhəmiyyəti məsələlərinə xüsusi diqqət yetirilmiş, elmi tədqiqatların konkret istiqamətləri, onların həsr olunduğu problemlər və mövzular, işlərin yerinə yetirilməsi müddətləri Akademiyanın xüsusi buraxılışlarında öz əksini tapmışdır.
Bundan başqa Elmi hissə Akademiyada Azərbaycanda müstəqil demokratik dövlət quruculuğunun aktual problemlərinə həsr olunmuş geniş elmi sessiya və konfransların, seminarların təşkili və keçirilməsində yaxından iştirak edir, onların materiallarının nəşrini təmin edir.
DİA üzrə yerinə yetirilən elmi-tədqiqat işlərinin ümumiləşdirilməsi əsasında elmi məqalə və monoqrafiyaların nəşr olunmasına, həmçinin dərs vəsaitlərinin hazırlanmasına böyük diqqət yetirilir.
DİA-nın rektorluğu tərəfindən tədris prosesinin nəzəri-metodoloji səviyyəsinin artırılması məqsədilə həyata keçirilən tədbirlər sistemində Akademiyada 2001-ci ildən müntəzəm şəkildə keçirilən kafedralararası elmi-metodoloji seminarlar vacib yer tutur.
Kafedraların iştirakı ilə hər tədris ili üçün tərtib edilmiş qrafik üzrə həyata keçirilən kafedralararası seminarlar Akademiyada özünəməxsus spesifikaya malik olan tədris prosesinin elmi-metodoloji və elmi-metodiki təminatının, həmçinin müstəqil Azərbaycan dövlətçiliyinin müasir inkişafının aktual problemlərinə həsr olunur.
2003-cü ildən etibarən Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” adlı rüblük elmi-nəzəri və praktik jurnalın nəşrinə başlanmışdır.
Jurnalda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin qısa xronikası və səfərləri, həmçinin nitqləri, çıxışları və müsahibələri verilir. Bundan başqa burada Azərbaycanda dövlət idarəçiliyinin müxtəlif problemlərinə aid materiallara, respublikamızın görkəmli dövlət, ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, Akademiyanın professor-müəllim heyətinin məqalələrinə geniş yer verilir. Jurnalda DİA-da keçirilən tədbirlər “Dövlət İdarəçilik Akademiyasında” başlığı altında ayrılmış bölmədə müntəzəm olaraq işıqlandırılır.
Elmi fəaliyətin bir istiqamətini də Akademiya üzrə və fakültələrdə tələbə elmi cəmiyyətlərin işinin təşkili, tələbə, magistrant və müdavimlərin elmi yaradıcılığını inkişaf etdirilməsi təşkil edir. Bu işdə fəaliyyət göstərən, ətrafında yüzə yaxın tələbə, magistrant və müdavimləri birləşdirən DİA-nın Tələbə Elmi Cəmiyyəti (TEC) xüsusi rol oynayır.
Hər tədris ilinin sonunda tələbə elmi-tədqiqat işlərinin nəticələrinə dair yekun konfransları keçirilir və konfrans materialları çap edilir.
Elmi-tədqiqat işləri ilə yanaşı DİA-nın TEC-i tərəfindən Azərbaycanda müstəqil dövlət quruculuğunun aktual problemlərinə həsr olunmuş elmi konfranslar və dəyirmi masalar keçirilir.
DİA-nın TEC-i öz fəaliyyətində Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik irsinin gənc tədqiqatçılar tərəfindən öyrənilməsinə, onun zəngin təcrübəsinin təbliğinə geniş yer verir.
Akademiyanın TEC-in üzvləri beynəlxalq konfranslarda, elmi müsabiqələrdə fəal iştirak edir, fəxri fərmanlarla, diplomlarla təltif olunurlar.
|